Nargin adasında ekzotik turizm zonası yaradılacaq
07 aprel 2009 14:00 (UTC +04:00)

Nargin adasında ekzotik turizm zonası yaradılacaq

8-8 il ərzində həyata keçiriləcək layihənin ilkin dəyəri 4 milyard dollardır

Uzun illərdir xarici investorların diqqətini çəkən Nargin adasında nəhəng turizm layihəsi həyata keçiriləcək. Artıq layihənin reallaşdırılması üzrə bir neçə komponentdən ibarət dizayn proqramları hazırlanır.

Lent.az-ın məlumatına görə, bu barədə adanın baş planını hazırlayan danimarkalı mütəxəssislər tərəfdaşları ilə birgə keçirdiyi mətbuat konfransında məlumat veriblər. “Avrocity Holdinq” şirkətinin baş məsləhətçisi baş məsləhətçisi Kənan Xudaverdiyev bildirib ki, baş plan Xəzər dənizində yerləşən və sahəsi 1 milyon kvadratmetr metr olan Böyük Zirə (Nargin) adasını əhatə edir. Layihə xarici elektrik enerjisi istifadə etməyən, yaşayış kvartalları, mədəniyyət mərkəzləri və asudə vaxt keçirmək üçün obyektləri olan kurort və yaşayış məkanının tikintisini nəzərdə tutur. Onun sözlərinə görə, unikal təbii şəraitə malik Zirə adası yeni arxitektura landşaft kimi dəyərləndirilir. Paytaxt Bakının aypara şəkilli sahil xəttini formalaşdıran körfəzin hüdudlarında olan “Zirə Adası” layihəsi şəhər inkişafı üçün həyat qabiliyyətli model kimi və şəhərin sahil xətti boyunca seyr olunan yaraşıqlı üfüq yaratmaq ideyası ilə Danimarkanın BIG Architects şirkəti, Ramboll mühəndis şirkəti və Pihl & Son tikinti idarə edilməsi üzrə mütəxəssis şirkətlərinin dizaynerləri tərəfindən ərsəyə gəlib.

BIG - Bjarke Ingels Group şirkətinin beynəlxalq biznes inkişafı üzrə direktoru Kai-Uwe Bergmann isə XX əsrin əvvəllərində Nobel qardaşlarının Bakıda çoxlu tikinti layihələrini həyata keçirdiyini xatırladaraq, bu ənənəni davam etdirmək, Nargin adasının dünyanın ən gözəl turizm şəhərciyini çevirmək istədiklərini bildirib. Onun sözlərinə görə, layihədə “Yeddi zirvə” konsepsiyası həyata keçiriləcək: “Bu layihənin ideyası xarici mənbələrdən tam sərbəst olan bir ada yaratmaqdır. Ənənəvi Azərbaycan tikinti adətlərini ən yeni texnologiyalarla birləşdirərək “Zirə adası” mənbələrdən minimal dərəcədə istifadə etməklə yüksək səviyyəli həyat tərzini təmin edəcək və dünyaya yeni imkanlar nümayiş etdirəcəkdir”.

Şirkətin rəsmisi bildirib ki, Abşeron yarımadası güclü enerjisi olan bölgədir və burada elektrik enerjisi istehsal etmək üçün potensial külək var. Onun sözlərinə görə, bu layihə hazırlanarkən əsas qaynaq kimi potensial küləyin daimi olması götürülüb. Elə bu səbəbdən də yeni şəhərcikdə ənənəvi elektrik enerjisindən, təbii qazdan və təbiətə ziyan vura biləcək digər yanacaq növlərindən istifadə olunmayacaq. Küləyin nisbətən az olduğu lokal ərazilərdə isə enerji mənbəyi kimi sudan istifadə olunacaq.

“İnanıram ki, yaxın illərdə Bakının özündə də küləkdən əsas enerji mənbəyi kimi istifadə olunacaq. Zirə adasında isə insanlar həm yaşaya biləcək, həm də kənardan gəlib istirahət edə biləcəklər. Biz adada təkcə hündür mərtəbəli binalar tikməyəcəyik, həm də iqlim şəraitinə uyğun ekosistem yaradacağıq, geniş xiyaban salacağıq” -deyə, BIG - Bjarke Ingels Group şirkətinin rəsmisi bildirib.

İxtisasca mühəndis olan, Ramboll şirkətinin xidmət, tikintilər və dizayn sahəsi üzrə direktoru Lars Ostenfeld Riemann isə bu layihənin reallaşması nəticəsində Azərbaycana yeni sərmayə axının olacağını, turizmin inkişaf etdirilməsi imkanlarını genişlənəcəyini düşünür. Onun sözlərinə görə, 1 milyon kvadratmetr ərazini əhatə edəcək yeni şəhərcikdə 10 min nəfərin daimi məskunlaşması üçün yaşayış binaları tikiləcək. Bundan başqa 300-ə qədər mürəkkəb konstruksiyalı lüks villalar inşa ediləcək. Adaya gediş gəliş isə üç xətt üzrə işləyəcək sərnişin gəmiləri və vertolyot vasitəsilə həyata keçiriləcək.

Danimarkalı mütəxəssislər bildiriblər ki, layihənin ilkin dəyəri təxminən 4 milyard dollardır. 6-8 il ərzində həyata keçiriləcək layihənin icrasına yaxın bir il ərzində başlanması nəzərdə tutulur. Burada 4 və ya 5 ulduzlu mehmanxana kompleksi və mərkəzi park yaradılacaq. Bu parkda Bakının azad edilməsi zamanı Nargin adasında şəhid olmuş türk əsgərlərinin şərəfinə nəhəng abidə kompleksi inşa ediləcək.

Lars Ostenfeld Riemann bildirib ki, bütün binaların mərkəzi parka çıxışı təmin olunacaq. Ərazinin elektrik enerjisi ilə təminatı üçün isə 16 ədəd külək dəyirmanı tikiləcək. Onun sözlərinə görə, layihədə adanın ərazisində kanalizasiya sularının təmizlənməsi, təmizlənmiş suyun irriqasiya məqsədləri üçün istifadə olunması da nəzərdə tutulub. İçməli su üçün isə Xəzər dənizinin suyundan istifadə olunacaq. Belə ki, dəniz suyu duzdan təmizlənərək xüsusi texnologiya vasitəsilə yaşayış binalarına, mehmanxana və villalara ötürüləcək.

“Bizim məqsədimiz həm də adanın ərazisində çirklənmənin qarşısını almaqdır. Biz Bakı buxtasındakı ekoloji vəziyyətdən çox narahatıq. Biz bu layihə ilə Bakı ilə Xəzər arasında təmiz əlaqə yaratmaq istəyirik. Lakin adanın landşaftı, memarlığı, ekoloji vəziyyəti bir investorun tam şəkildə anlaya biləcəyi iş deyil. Bu işdə dövlət, özəl müəssisələr, xarici investorlar da iştirak etməlidir” - deyə, Lars Ostenfeld Riemann bildirib.

Xatırladaq ki, “Zirə Adası” Baş Planı bu il fevralın 20-də Danimarka Memarlıq Mərkəzinin “Yes is More” adlı ictimai sərgisində nümayiş olunub.
Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2725

Oxşar yazılar