Avtomatlaşdırılmış bilet satışı genişlənir
30 mart 2009 10:30 (UTC +04:00)

Avtomatlaşdırılmış bilet satışı genişlənir

Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

Dəmir yolu stansiyalarında Aprelin 1-dən Xudat və Xaçmaz dəmir yolu stansiyalarında avtomatlaşdırılmış bilet satışının tətbiqinə başlanacaq.

Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, hazırda avtomatlaşdırılmış bilet satışı sisteminin genişləndirilməsi prosesi davam edir. Onun sözlərinə görə, ADDY-nin Sərnişin Daşıma İstehsalat Birliyi tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsi yüksəldikcə bu sahədə yeni dəyişikliklərə zərurət yaranır.

Nadir Əzməmmədov bildirir ki, sərnişinlərə göstərilən mədəni xidmət, hər şeydən əvvəl vağzallarda qatarlara gediş biletinin alınmasından başlayır. Onun sözlərinə görə, bilet satışının kompüterləşdirilməsi prosesi bu sahədə olan problemləri aradan qaldırır. Artıq Xaçmaz və Xudat stansiyalarında da hazırlıq prosesi başa çatıb və aprelin 1-dən bu stansiyalarda bilet kassaları avtomatlaşdırılmış iş rejimində işləyəcək.

Xatırladaq ki, Azərbaycanda bilet satışının kompüterləşməsinə 1997-ci ildə Bakı sərnişin vağzalından başlanıb. Hazırda bu proses digər dəmir yolu stansiyalarında davam etdirilir. Bütövlükdə kompüterləşmə sisteminin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulur. Nadir Əzməmmədov bildirib ki, artıq Biləcəri, Lökbatan, Sumqayıt, Mərdəkan, Dəvəçi stansiyalarında biletlərin satışı kompüter sistemi ilə həyata keçirilir.

Elxan SALAHOV
# 1497

Oxşar yazılar