Mübariz Mənsimov İstanbulda 7 ulduzlu otel tikdirir
10 mart 2009 10:00 (UTC +04:00)

Mübariz Mənsimov İstanbulda 7 ulduzlu otel tikdirir

“Edition” seriyasından otelin Bakıda da tikintisi nəzərdə tutulub

Azərbaycanlı iş adamı, “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Türkiyədə ilk dəfə 7 ulduzlu otel inşa etdirəcək. Lent.az-ın “DHA”ya istinadən verdiyi məlumata görə, “Edition” seriyasından olan otel “Palmali Holding”in “Marriott İnternational”la imzaladığı müqavilə əsasında İstanbul şəhərində tikiləcək.

“Palmali”nin 2007-ci ilin sonlarında 93 milyon TL-ə aldığı “HCBS” şirkətinin keçmiş inzibati binasında inşa olunacaq 80 otaqlı otelin açılış mərasimi dekabrın 15-də olacaq.

Otelin tikintisi 100 milyon avroya başa gələcək. Bina daxilindəki otaqların hamısı ən müasir standartlara uyğun hazırlanacaq. İki yüksək səviyyəli restoran, ən yuxarı mərtəbədə quraşdırılacaq xüsusi şüşə taclı otaqda özəl gecə klubu fəaliyyət göstərəcək. Bura yalnız üzvlük vəsiqəsi ilə girmək mümkün olacaq. İstanbuldakı ən böyük və ən lüks SPA mərkəzi bu oteldə fəaliyyət göstərəcək.

M.Mənsimov İstanbula 7 ulduzlu otel qazandırdıqları üçün özünü çox xoşbəxt hiss etdiyini deyib. O, 2010-cu ildə Avropa mədəniyyətlərinin paytaxtı rolunu oynayacaq Türkiyənin ən böyük şəhəri üçün belə bir otelin xüsusi önəmini vurğulayıb.

Həmyerlimiz “Edition” seriyasından Bakı və Bodrumda da ümumilikdə 400 milyon dollar dəyərində otellər inşa etdirəcəyini açıqlayıb: “Yayda Bodrumun Yalıkavak qəsəbəsində “Pal Beach” adını verdiyimiz otel açacağıq. Gələn il bu otel “Edition” seriyasına daxil olacaq. Eyni zamanda Azərbaycanın paytaxtı Bakıda da bir “Edition” seriyasından otel açmağı planlaşdırırıq. “Pal İnşaat” tərəfindən tikiləcək otellərə ümumilikdə 400 milyon dollar sərmayə qoymağı planlaşdırırıq”.

Qeyd edək ki, “Edition” otellərinin layihəsi Nyu-Yorkun əfsanəvi gecə klubu “Studio 54”ün yaradıcısı Yan Şrager tərəfindən 1986-cı ildə hazırlanıb.
# 1829

Oxşar yazılar