Şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayeva Rusiya prezidenti Vladimir Putinlə görüşdə göz yaşlarını saxlaya bilməyib.
Rusiyalı yüngül atletlər Rio-de-Janeyroda keçirilən Olimpiadadan kənarlaşdırılıblar. Yığmanın cəmi bir üzvünə Olimpiya oyunlarında iştirak icazəsi verilib.
APA TV-nin məlumatına görə, Yelena İsinbayeva Kremldə prezident Vladimir Putinlə keçirilən görüşdə bildirib ki, yığmanın oyunlardan kənarlaşdırılması barədə qərar əsassızdır. O, çıxışı zamanı ağlayıb.
Yelena İsinbayeva dünyanın idman məmurlarını özündənrazılıqda və qanunsuzluqda ittiham edib.
Rusiya prezidenti Vladimir Putin isə Olimpiya yığması ilə görüşdə vəd verib ki, Rusiya idmançılarının təmiz adını qorumaq üçün hər şeyi edəcək. O, bəyan edib ki, dopinq qalmaqalına qarışan idmançılar cəzalandırılacaq.