Son vaxtların ən çox gündəmdə olan futbolçusu şübhəsiz ki, Azərbaycan milli komandasının və “Qarabağ”ın üzvü Mahir Mədətovdur. Lent.az Futbol-11-ə istinadən xəbər verir ki, Mədətov həm sərgilədiyi oyunla, həm də haqqında gəzən transfer söz-söhbətləri ilə gündəmdən düşmür.
Bir neçə gün öncə atası verdiyi açıqlamada oğlunun bir neçə xarici klubun diqqət mərkəzində olduğunu söyləmişdi.
Əldə edilən məlumata görə, “Qarabağ” istedadlı futbolçusunu buraxmaq barədə düşünmür. Hətta “Qarabağ”ın bu oyunçu ilə bağlı planı var. İddia olunur ki, Mədətov hazırkı klubu ilə yaxın günlərdə uzunüddətli müqavilə imzalayacaq. Müqavilənin müddətinin 3 və ya 4 il ola biləcəyi söylənilir.
Qeyd edək ki, Mədətov “Bakı” Futbol Akademiyasının yetirməsidir. 20 yaşlı hücumçu 2015-ci ildən “Qarabağ”da çıxış edir.