“Çelsi” rəhbərliyi komandanın baş məşqçisi vəzifəsində dəyişiklik etmək niyyətindədi. Apasport.az saytı “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “zadəganlar” hazırkı çalışdırıcı Antonio Konte ilə yolları ayırmağı planlaşdırırlar.
Belə ki, tərəflər arasında konfliktin olduğu bildirilir. Bu səbəbdən rəhbərlik komandanın nəticəsindən asılı olmayaraq, mövsümün sonunda Konte ilə vidalaşmağa qərar verib. Onun postuna keçməyə ən real namizəd isə “Napoli”nin baş məşqçisi Maurisio Sarri hesab olunur.
Londonlular 58 yaşlı çalışdırıcı ilə danışıqlara indidən start veriblər. Premyer Liqa təmsilçisi Sarriyə ildə 12 milyon avro məvacib verməyə hazırdı. Bu keçid baş tutsa, “Napoli” Sarrinin yerinə “Sampdoriya”nın çalışdırıcısı Marko Campaoloya təklif göndərəcək.
Qeyd edək ki, əvvəllər “Yuventus”un, həmçinin İtaliya yığmasının baş məşqçisi olmuş Antonio Konte ötən ildən “Çelsi”nin “sükanı arxası”ndadı.