Səudiyyə Ərəbistanı İdman Nazirliyi transferlər üçün yerli futbol klublarına 19 milyard avrodan çox vəsait ayıracaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Ben Ceykobs “Twitter” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, komandalar bu məbləği 2030-cu ilə qədər alacaqlar. O, vəsaitin necə bölüşdürüləcəyini açıqlamayıb.
İyulun 24-də məlum olub ki, “Əl-Hilal” PSJ-yə hücumçu Kilian Mbappeni rekord qiymətə - 300 milyon avroya almağa hazır olduqlarını açıqlayıb. Səudiyyəlilər parislilərə rəsmi təklif irəli sürüblər. Hələlik futbolçunun nümayəndələri ilə danışıqlar aparılmayıb.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. Hücumçu “Əl-Nasr”dan ildə 200 milyon avro alır və dünyanın ən çox maaş alan idmançısıdır.