"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubuna illik 211 milyon funt-sterlinq (240 milyon avro) transferdən imtina edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hücumçuya Ronaldonu dünyanın ən çox maaş alan futbolçusu edəcək maaşla müqavilə təklif etdilər. Klubun adı açıqlanmayıb. Mənbə əlavə edib ki, portuqaliyalı “Mançester Yunayted”dəki oyun müddətindən son dərəcə narazıdır və 2022/2023 mövsümünün sonuna qədər komandanı tərk edə bilər.
Sentyabrın 1-də Ronaldonun "Mançester Yunayted"də qalacağı məlum olub. Onun müqaviləsi 2023-cü ilin yayına kimi bir mövsümlük uzadılma variantı ilə nəzərdə tutulub. Yayda futbolçunun komandanı tərk etməsi ilə bağlı dəfələrlə xəbərlər yayılmışdı. O, transfer siyasətindən və klubun nəticələrindən, o cümlədən Çempionlar Liqasına vəsiqə qazanmamasından narazı olduğunu bildirib.
İyulun 14-də Səudiyyə Ərəbistanı klublarından birinin Ronaldonun transferi üçün “Mançester Yunayted”ə 30 milyon avro ödəməyə və futbolçuya mövsümü 125 milyon avro maaşla iki illik müqavilə təklif etməyə hazır olduğu barədə məlumat yayılıb. Portuqaliyalının özü də bu müqaviləyə ciddi yanaşmırdı, çünki o, Avropada çıxış etməyə davam etməkdə qərarlıdır.