"Napoli"nin və "Udineze"nin sabiq hücumçusu Antonio Floro Floresin evinə basqın olub.
Lent.az Apasport.az-a istinadla xəbər verir ki, soyğunçular minlərlə avro dəyərində əşyalar oğurlayıb.
Oğrular təxminən 80 min avro dəyərində olan qiymətli əşyaları çıxarıblar. Keçmiş "Napoli" futbolçusu sosial şəbəkədə hadisədən sonrakı fotonu paylaşıb: "Yeni iliniz mübarək, əziz oğrular. Ümid edirəm ki, bizdən oğurladığınız hər şeydən yaxşı istifadə edərsiniz".
Son aylarda A Seriyasının bir sıra hazırkı və keçmiş oyunçularının, o cümlədən Teo Ernandes ("Milan"), Anxel Di Maria və Daniele Ruqani (hər ikisi "Yuventus") və başqalarının evi soyulub. Oyunçuların avtomobilləri xüsusən hədəfdir. Bundan əvvəl qurbanlar Madi Kamara və Xviça Kvaratsxeliya olub.
Qeyd edək ki, 39 yaşlı Antonio Floro Flores hazırda D Seriyasında çıxış edən "Kazertana" klubunda 17 yaşadək futbolçulardan ibarət komandanın məşqçisidir.