Endi Kerroll dəhşətli yol qəzası keçirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, İngiltərə millisinin keçmiş və bir sıra İngiltərə klublarının hücumçusunun avtomobili digər maşınla üz-üzə toqquşub.
Futbolçunun sürdüyü qiyməti 130 min funt sterlinq olan Mercedes GLS SUV kiçik “Ford Fiesta" ilə toqquşub. Nəticədə “Ford” 27 metr kənara atılıb.
Jurnalistlərin sözlərinə görə, zərbə o qədər güclü olub ki, “Mercedes”ə də ziyan dəyib, onun sağ təkəri qopub, yan panellər və bamperin bir hissəsi sınıb.
Kerroll avtomobildən şok vəziyyətində düşüb, nəfəs almaqda problemlər yaranıb. “Ford” markalı avtomobildə üç nəfər olub. Qadın sürücünün də nəfəs almasında problem yaranıb, sərnişin isə döş qəfəsində ağrılar şikayəti ilə xəstəxanaya aparılıb.
Eyni zamanda yol-nəqliyyat hadisəsi yerinə gələn polislər heç kimi həbs etməmək qərarına gəliblər. İstintaq davam edir.
Xatırladaq ki, ötən mövsüm Kerroll “Vest Bromviç”də çıxış etsə də, klubla müqaviləni yeniləmək mümkün olmayıb.