Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu braziliyalı hücumçu Neymarla müqaviləni dayandıra bilər.
Lent.az xəbər verir ki, bu barədə ITASportPress məlumat yayıb. Məlumata görə, komanda rəhbərliyi futbolçu ilə müqaviləni dayandırmaq imkanını nəzərdən keçirir. Məqsəd qış transfer pəncərəsində əcnəbi futbolçuların qeydiyyatına yer açmaqdır. “Əl-Hilal” futbolçunu sol cinah müdafiəçisi mövqeyinə dəvət etməyi planlaşdırır.
Xatırladaq ki, Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla matçda (0:2) zədələnmişdi. 31 yaşlı futbolçunun gözlənilən sağalma müddəti 10 aya qədər ola bilər. Beləliklə, Neymarın bu mövsüm bir daha meydana çıxmama ehtimalı yüksəkdir.
Neymar yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm braziliyalı Səudiyyə Ərəbistanı çempionatında 3 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.