Dayanmadan  11 min kilometr   uçur: öz orqanlarını “yeyən”  quş
06 oktyabr 2026 17:25 (UTC +04:00)

Dayanmadan 11 min kilometr uçur: öz orqanlarını “yeyən” quş

0

Uzun məsafəli uçuşa hazırlaşan bu quş həddindən artıq qidalanaraq o qədər yağ toplayır ki, hətta piylənmə həddinə çatır.

Uzaq məsafələrə miqrasiya üçün sözün əsl mənasında xeyli “daxili ehtiyat” tələb olunur. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki,  qarğa böyüklüyündə olan bu sahil quşu - kiçik milçəkquşundan (Limosa lapponica baueri)  uzunməsafəli uçuşları zamanı yalnız yağ ehtiyatlarını deyil, daxili orqanlarının bir hissəsini də sərf edir.

Hər payız bu quş Alyaska və Sibirdəki yuvalama ərazilərindən Avstraliya və ya Yeni Zelandiyaya qışlamaq üçün uçur. O, 9-10 gün ərzində havada qala və istirahət etmədən, qidalanmadan təxminən 11 min kilometr məsafə qət edə bilir. Uçuşa hazırlaşarkən isə intensiv şəkildə qidalanır və o qədər yağ toplayır ki, bədəni piylənmə vəziyyətinə çatır.

Səfərdən bir neçə həftə əvvəl quş midyə, müxtəlif molyusklar və yüksək kalorili digər qidalarla qidalanır. Lakin hazırlıq bununla bitmir. Autofagiya adlanan proses zamanı quş öz daxili orqanlarının əhəmiyyətli bir hissəsini parçalayaraq enerji və maddələr mübadiləsində istifadə edir. Böyrəklər, qaraciyər, əzələli mədə və bağırsaq kimi vacib orqanların həcminin təxminən dörddə bir hissəsi azala bilir.

Maraqlıdır ki, bu proses əlavə yağ üçün yer açır. Yağ uzun müddət enerji verən və səmərəli ehtiyat mənbəyi hesab olunur. Eyni zamanda quşun çəkisi azalır və uçuş zamanı daha az enerji sərf etməsinə imkan yaranır.

Uçuş vaxtı quşun bədən çəkisinin təxminən 55 faizini yağ təşkil edə bilər. Daxili orqanların kiçilməsi həm də miqrasiya zamanı lazım olmayan orqanların fəaliyyətini saxlamaq üçün sərf ediləcək enerjiyə qənaət edir.

Bununla yanaşı, ürək və uçuş əzələləri öz kütləsini qoruyur. Nəticədə onlar daha yüngül bədəni hərəkət etdirən daha güclü “mühərriklərə” çevrilir.

Qeyd olunur ki, kənardan bu quş sadəcə yağ və lələk topasına bənzəyə bilər, lakin onun bədəni nəhəng məsafələri qət etmək üçün ideal şəkildə uyğunlaşıb.

Yağ ehtiyatları ilə bağlı maraqlı faktlar

Miqrasiyadan əvvəl daxili orqanlarının ölçüsünü kiçildən bu quşlar yağ ehtiyatlarına aid olmayan bədən kütləsinin təxminən yarısını itirə bilirlər.

Qışlama yerinə çatdıqdan sonra isə quş daxili orqanlarını tam şəkildə bərpa edir. Bununla da o, toxuma kütləsini sürətlə itirib yenidən bərpa edə bilən rekordçu canlılardan biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar