Yatan sürücü, yanan qırmızı işıq, zavallı “07” KAMERALARDA
22 yanvar 2014 14:52 (UTC +04:00)

Yatan sürücü, yanan qırmızı işıq, zavallı “07” KAMERALARDA

Lent.az Bakıda qeydə alınmış ən son yol-qəza hadisələrinin videolarını yayımlamağa davam edir. Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan birinci yol qəzasında “Toyota Prado” markalı avtomaşının düzünə yox, qəflətən sola dönməsi qayda pozuntusudur. Bununla yanaşı, onun sağdan hərəkət edən nəqliyyat vasitələrinin yoluna saymazyana çıxması ağır qəzaya səbəb olur. O, qayda pozub geriyədönmə əməliyyatı aparmağı düşünürdüsə, bilməli idi ki, həmin yolda hərəkətdə olan nəqliyyat vasitələrinə yol verməlidir.

 

İkinci yol qəzasında isə boz rəngli “Toyota-Prado” elə birinci yol qəzasındakı kimi, sola dönmə əməliyyatı aparmağa cəhd edir. Əslində, həmin yolda sola dönməyə icazə verilir. Lakin bir şərtlə ki, bu sola dönmə əməliyyatı aparılarkən sağdan hərəkətdə olan nəqliyyat vasitələrinə yol verilməlidir. Yəni, sola dönən avtomobil sağdan hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün onları gözləməli, təhlükəsiz şərait yarandıqda hərəkətə davam etməlidir.

 

 Növbəti yol qəzasında qara rəngli “KİA” markalı avtomobilin sürücüsünün sükan arxasında yatdığını desək, bəlkə də daha doğru olardı. Çünki bu sürücü svetoforun qırmızı işığında dayanan “VAZ-2107” markalı taksini vurur. Onun zərbəsindən bir neçə metr irəli hərəkət edən “07”yə ciddi ziyan dəyir. Tam əminliklə demək olar ki, “KİA”nın sürücüsü qarşıda hərəkət edən “07”nin svetoforda dayanmayacağını güman edib və özü də sürəti azaltmadan qırmızı işıqda hərəkət etməyi düşünürmüş. Lakin onun gümanı düz çıxmır.

 

Sonuncu yol qəzasında isə “Mersedes” markalı minik maşını sola hərəkət edib geriyə dönməyə cəhd edir. Amma sürücü vəziyyəti düzgün qiymətləndirib yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə yol vermək əvəzinə, qəflətən, özü də olduqca aşağı sürətlə onun yoluna çıxır. Nəticə isə göz qabağındadır. Bütün hallarda, başqasının yoluna çıxarkən tələsmək olmaz. Yoluna çıxdığın nəqliyyat vasitəsinin sürət həddini təxmini təyin edib hər şeyi nəzərə almaq lazımdır. Elə bu yol qəzasında biz açıq-aydın görürük ki, cəmi 2-3 saniyə gözləmək əvəzinə başqasının yoluna çıxmaq ağır qəzaya səbəb oldu. Əlbəttə, qəza zamanı maddi zərərlə yanaşı, mənəvi və psixoloji itkiləri də hesablamaq və ya nəzərə almaq yerinə düşərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4174

Oxşar yazılar