“Bu cür yanaşma ilə təşkilat və onun himayədarları öz həqiqi simalarını bir daha ortaya qoymuş olurlar"
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan Xarici İşlər Nazirliyi “Freedom House” təşkilatının işğal olunmuş Dağlıq Qarabağı “qismən azad ölkə”lər sırasına aid etməsinə etirazını bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Elman AbdullayevAPA-ya bildirib ki, özünü insan hüquqlarının və fundamental azadlıqların keşikçisi kimi təqdim etməyə çalışan “Freedom House” Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətə göz yumur: “Azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləmə siyasətinə, insanlığa qarşı cinayətlərə, yerli Azərbaycan əhalisinin kütləvi şəkildə öz torpaqlarından zorla qovulmasına və sülh danışıqlarına xələl gətirən Ermənistanın təxribatçı əməllərinə qiymət vermək əvəzinə, öz hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində rəsmi Yerevan tərəfindən yaradılmış qondarma rejimə yer verməsi və hətta bu rejimi “qiymətləndirilmə cədvəli”nə daxil etməsi bu təşkilatın qərəzliliyini, bəyan etdiyi ali ideallardan tamamilə uzaq olduğunu və Azərbaycan xalqının faciəsinə biganə və hörmətsiz yanaşaraq, əslində təzyiq etmək siyasəti güddüyünü qabarıq şəkildə göstərir. Bu cür yanaşma ilə “Freedom House” təşkilatı və onun himayədarları öz qərəzli mövqelərini və həqiqi simalarını bir daha ortaya qoymuş olurlar".
Xatırladaq ki, dünyada vətəndaş azadlıqları və siyasi azadlıqların vəziyyəti ilə bağlı araşdırma aparan ABŞ-ın “Freedem House” qeyri-hökumət təşkilatı yanvarın 23-də növbəti illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın işğal olunmuş ərazisində yaradılan separatçı qurum ayrıca dövlət kimi göstərilib.