Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Xaçmazda meşə massivində tapılan at-eşşək cəsədləri ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Lent.az-a DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, artıq Xidmətin əməkdaşlarına ərazidə geniş araşdırma aparmaq tapşırılıb: “İlkin ehtimala görə, at-eşşək ətini işbazlar xəlvəti kolbasa sexlərinə verib. Araşdırma başa çatandan sonra onun nəticələri hüquq-mühafizə orqanlarına təqdim olunacaq”.
Xaçmaz rayon Baytarlıq İdarəsinin rəisi Vasif Kəlbəliyev isə Lent.az-a açıqlamasında bildirib ki, artıq əraziyə baxış keçirilib: “Meşənin 3 yerində təxminən 100 başa yaxın at və eşşək ayaqlarının qalıqları var. Cəsədlərin çoxu ata məxsusdur. Bunlar təxminən 2-4 ay qabaq kəsilib. Meşənin insan girə bilməyən qalın yerinə gətirib atıblar. Aydın məsələdir ki, kimlərsə bu işlə məşğuldu. Əlimizdə olan faktlarla bağlı polisə müraciət olunacaq”.
Qeyd edək ki, cəsədlər Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində aşkar edilib.
Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.
Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur, cəsədlərin qalıqları əraziyə axşam saatlarında gətirilir.