Azərbaycanlı qrossmeyster Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, mərhumla vida mərasimi yanvarın 14-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq. Tədbir saat 11:00-da başlanacaq. Saat 14:00-da cənazə götürüləcək və torpağa tapşırılmaq üçün “Qurd Qapısı”nın yaxınlığındakı qəbiristanlığa aparılacaq.
Dəfnin ardından saat 15:00-da “Təzəpir” məscidində ehsan veriləcək.
***
10.33
Vüqar Həşimovun cənazəsi Bakıya xüsusi reyslə gətiriləcək
Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeyster Vüqar Həşimovun cənazəsi Bakıya xüsusi təyyarə ilə gətiriləcək. Bu haqda Lent.az-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
O bildirib ki, təyyarə bu gün paytaxtımızdan Almaniyanın Frankfurt şəhərinə yola düşəcək. Həşimovun nəşi yanvarın 14-də Bakıda olacaq. Sabah günün birinci yarısında Respublika Şahmat Mərkəzində mərhumla vida mərasimi keçiriləcək.
Məmmədovun sözlərinə görə, Həşimovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə də yaxın vaxtlarda müəyyən qərarlar qəbul olunacaq: “Müxtəlif variantlara baxılacaq. Respublika Şahmat Mərkəzinə Vüqar Həşimovun adının verilməsi bu variantlardan biridir”.
Qeyd edək ki, Vüqar Həşimov başındakı şişdən yanvarın 11-ə keçən gecə dünyasını dəyişib. Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, Beynəlxalq Şahmat Federasiyasının 2011-ci ilin martına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.