Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi Mustafa Qurbanov və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin əməkdaşı Mirəvəz Dünyamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi Mustafa Qurbanov cinayətin təşkilatçısı kimi çıxış edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsində texnik-inventarlaşdırıcı vəzifəsində işləyən Mirəvəz Dünyamalıyev ilə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar Şamaxı rayon sakininin babasına məxsus evi onun adına sənədləşdirmək üçün sonuncudan 1200 manat məbləğində pul tələb edib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində bu il martın 13-də Quliyev və Dünyamalıyev sonuncuya məxsus avtomobildə həmin məbləğdə pulu rüşvət kimi alarkən hər iki şəxs cinayət başında yaxalanıb.
Baxış zamanı Dünyamalıyevə məxsus avtomobildən rüşvət kimi aldıqları 1200 manat pul, üzərinə şikayətçinin mobil telefon nömrəsi yazılmış şəxsiyyət vəsiqəsinin surəti, xidməti otağından müxtəlif sənədlər, həmçinin Qurbanovun xidməti otağındakı seyfdən müxtəlif şəxslərin adına olan 10 ədəd şəxsiyyət vəsiqəsi, 20 ədəd bankomat kartı, PİN kodları yazılmış zərflər aşkar edilərək maddi sübut kimi götürülüb.