2016-cı ilin aprel ayı Azərbaycan tarixinə həm mətin, həm də çətin bir xatirə olaraq yazıldı. Bu ayda biz nurüzlü şəhidlər verdik, lakin bu ay illərdir həsrətlə gözlədiyimiz torpaqlara - Qarabağa yolumuz açıldı ... Bu ay tariximizin ən şərəfli səhifələrindən biri oldu.
Atəşkəsin elan olunmasından bu yana ən irimiqyaslı hərbi əməliyyat olan aprel döyüşləri sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdə dayanıb. Bəzi qara qüvvələr zaman-zaman millətimizdə ruh düşkünlüyünün hökm sürməsi, savaşa hazır olmaması və s. kimi şayiələrlə ictimai rəyə təzyiqlər edirdilər. Lakin Azərbaycan ordusu və onun arxasında dayanan xalq inamı göstərdi ki, millət olaraq Qarabağ üçün vuruşmağa hazırıq. Beynəlxalq təşkilatlar, hərbi ekspertlər, hətta bəzi erməni hərbçiləri belə bu döyüşlərdə Azərbaycanın üstünlüyünü etiraf etdilər. Dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.
Ordumuzun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirən Ali Baş Komandan İlham Əliyev bildirmişdi ki, aprel döyüşləri dövlətimizin,xalqımızın,ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşlərinin Ermənistanın təxribatı olduğunu deyən dövlət başçısı bu döyüşlərdə imkanlarımızın cüzi bir faizinin nümayiş etdirildiyini xüsusi vurğulamışdı. “Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.
Aprel döyüşləri təcavüzkar Ermənistan rəhbərliyinin illərdir uydurduğu qalib mifini darmadağın etdi. Aprel qələbəsiylə nəinki Dağlıq Qarabağı, heç Ermənistanı da idarə etmək iqtidarında olmayan, aclıq və səfalət içində sürünən Ermənistan hökumətinin içüzü ifşa olundu. Ermənistanın “şanlı əsgərlər” kimi təqdim etdiyi muzdlu hərbçilərinin “gücü” bir daha nümayiş olundu. Bu hadisələr Ermənistana bir mesaj idi: işğal edilmiş torpaqlarımızda heç bir zaman möhkəmlənməyəcəksiniz və münaqişə dondurula bilməz! Qarabağsız Azərbaycan təsəvvüredilməzdir. Bu Azərbaycanımızın və tariximizin haqq səsidir!
Bizə uzun illər sonra bu sevinci yaşadan Şəhidlərimizin ruhu qarşısında baş əyirik! İnşaAllah Onların xatirəsi Şuşada anılacaq, azad olunmuş torpaqlarımızda şərəflərinə abidələr ucaldılacaq. O zaman Şəhidlərimizin də ruhu şad olacaq.
Nailə Məmmədova
“Azerbaijan Realities”