Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün günorta saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Şəki rayonu Qoxmuq kəndi ərazisindən keçən hissəsində yaşayış məntəqəsindən bir km-dən yuxarı hündürlükdə baş verib.
Yanğın baş verən əraziyə texnikanın çıxa bilməməsini nəzərə alaraq FHN-nin Şəki rayon DYMH-nin 11 əməkdaşı və 16 yerli sakin cəlb edilib.
Yanğın nəticəsində 400 kv/m sahədə kol-kos yanıb. FHN-nin Şəki rayon DYMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının genişlənərək daha da böyük əraziyə keçməsinin qarşısı alınıb.
Fakla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.