Sabirabad rayon İcra Hakimiyyəti (İH) icra başçısı Nazim İsmayılovun oğlunun qəza törətməsi barədə yayılan xəbərlərə reaksiya verib.
İH-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilib ki, İcra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobili ilə qəza törədərək iki “VAZ 06” markalı avtomobili əzməsi barədə xəbər əsasız, yalan və böhtan xarakterlidir: “ İcra başçısının xidməti avtomobili ilə heç bir qəza törədilməyib, belə bir hadisə olmadığı üçün də “polis tərəfindən də hadisə yerindən aparılmayıb”.
Məlumatda icra başçısının həqiqətəndə növbəti əmək məzunuyyətində olduğu, lakin ölkə xaricində deyil, respublikada olduğu bildirilir: “Bir daha bildiririk ki, məlumat qərəzli olması ilə yanaşı kiminsə qeyri-sağlam fantaziyasının məhsuludur”.
Qeyd edək ki, axar.az saytı Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlunun onun xidməti maşını ilə qəza törətməsi barədə məlumat yayıb.