Sabirabadda yük avtomobili və iki minik maşını toqquşub. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə noyabrın 13-də saat 21.00 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində, Hacıqabul-Bəhrəmtəpə yolunun 24-cü kilometrliyində baş verib.
Yarıdumanlı havada qəfildən kənd yolundan magistral yola çıxan Sabirabad şəhəri Müşviq küçəsi 23-də yaşayan 1990-cı il təvəllüdlü Cəfərov Elçin Nizami oğlunun idarə etdiyi “Lada Priora” markalı 90 VN 076 dövlət nömrə nişanlı avtomobil Hacıqabul rayonu istiqamətində hərəkətdə olan Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1981-ci il təvəllüdlü Alışanov Elvin Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı 90 MM 194 dövlət nömrə nişanlı avtomobili vuraraq əks istiqamətdə hərəkətdə olan Gürcüstan vətəndaşı, 1968-ci il təvəllüdlü Ramiz Nəsibovun idarə etdiyi “HOWO” markalı 90 JT 279 dövlət nömrə nişanlı yük maşınının qarşısına atıb.
Nəticədə “Mercedes” markalı avtomobildə olan sərnişin, Şəhriyar kənd sakini, 1978-ci il təvəllüdlü Fərzəliyev Valeh Şəhriyar oğlu hadisə yerində ölüb, digər sərnişin sakini Şəhriyar kənd sakini, 1988-ci il Məmmədov Səyyad Natiq oğlu və minik maşınlarının hər iki sürücüsü yaralı vəziyyətdə Sabirabad rayonunun xəstəxanasına aparılıb.
Faktla bağlı BDYPİ-də cinayət işi açılıb, araşdırma aparılır.