Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər prokurorluğu 1 saylı Respublika Psixiatriya Xəstəxanasından qaçmış daha bir nəfərin tutulması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, axtarışda olan Razim Hacıyev dekabrın 26-da paytaxtın Xətai rayonunun Əbilov küçəsində yerləşən ünvansız evdə saxlanılıb. Baxış zamanı R. Hacıyev və onun yanında olan Lerik rayon sakini Malik Əhmədovun üzərindən narkotik vasitə olan marixuana, evdən isə 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, içərisində 29 ədəd patonu olan 1 ədəd sandıqça, 1 ədəd pnevmatik tapança və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.
Hazırda mühafizə altından qaçmış digər şəxslərin yerinin müəyyən edilərək tutulmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, noyabrın 15-də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicədə olan Yusif Məhərrəmov, Tural Abbasov, Razim Hacıyev və Elvin Nəsrullayevin mühafizə altından qaçmaları faktına görə Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Elvin Nəsrullayev noyabrın 23-də saxlanılaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilib və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib.