Quba Olimpiya Kompleksində WSB (Ümumdünya Boks Seriyası) Liqasında 6-cı turun “Baku Fires” (Azərbaycan) - “Astana Arlans” (Qazaxıstan) görüşünə həsr olunmuş mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə qonaq komandanın baş meneceri Bolat Mankenov “Baku Fires”i liqanın favoritlərindən sayıb.
“Qubada olduğuma görə çox şadam. Biz Azərbaycan komandası ilə birgə 1-ci mövsümdən WSB Liqasında çıxış edirik. “Baku Fires” yarışın favoritlərindən biridir. Biz rinqdə rəqib olsaq da, həyatda yaxın dostuq. Sabah çox maraqlı və gərgin döyüş olacaq. İnanıram ki, boks həvəskarları bu qarşılaşmaya biganə qalmayacaqlar” deyə Mankenov bildirib.
“Baku Fires”in baş meneceri Rizvan Gənciyev isə əvvəlcə Qubada olan Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunları və dünya çempionatının mükafatçısı Teymur Məmmədov barədə fikirlərini bildirib: “Məmmədov hazırda komandamızla birgə məşq edir. O, “Baku Fires”in heyətində döyüşmək arzusundadır. Məşqçilər korpusu onunla bağlı qərarını verəcək. Biz Məmmədovun komandamızı gücləndirəcəyinə və onun özünə inanırıq”.
Komandamızda 81 kq çəki dərəcəsində son məşqdə zədələnən Ramazan Məhəmmədovu Samir Məmmədov əvəzləyəcək. Gənc boksçu psixoloji baxımdan Ehsan Ruzbahani ilə döyüşə hazır olduğunu bildirib. Gənciyev isə deyib ki, yanvarın 18-də keçiriləcək görüş Məmmədov üçün özünü göstərməsi baxımından bir şansdır: “Samirin adı ehtiyat boksçu kimi heyətdə var idi. Sadəcə Ramazanın gözlənilməz zədəsi planları pozdu. Amma bu, gənc boksçumuz üçün özünü sübut etmək baxımından yaxşı imkandır. Ümid edirəm ki, o, bizi sevindirəcək”.
Yanvarın 26-da start götürəcək boks üzrə ölkə çempionatında “Baku Fires” klubunun üzvləri də çıxış edəcəklər. Baş məşqçi Nuripaşa Talibovun sözlərinə görə, çempionatda 18 boksçunun iştirakı gözlənilir: “Bizim yanvarın 31-də səfərdə Meksika komandası ilə görüşümüz var. Həmin səfərə gedəcək boksçular, təbii ki, Azərbaycan çempionatında döyüşməyəcəklər. Amma digər idmançılarımızın bu turnirə qatılmasında maraqlıyıq. Yarış təcrübəsi baxımından bu, boksçularımız üçün əhəmiyyətlidir”.
“Məhəmmədrəsul Məcidov kimi digər dünya çempionumuz Cavid Çələbiyev də “Baku Fires”in heyətində WSB liqasında döyüşə bilərmi” sualına Gənciyevin cavabı belə olub: “Hələ ki Çələbiyevlə heç bir danışığımız olmayıb. O, dünya çempionatından sonra istirahət edir. Dəqiq bilmirəm, o, Azərbaycan çempionatında mübarizə aparacaq, ya yox. Bir sözlə, bu hələ planlarımıza daxil deyil”.
“Baku Fires”in rəsmisi “pley-off” qarşılaşmalarını da Quba Olimpiya Kompleksində keçirəcəklərini söyləyib.
Mankenov isə Qazaxıstan milli komandasının 1-ci nömrələrinin yaxın vaxtlarda onlara qoşulacağını bildirib: “Dünya çempionatından sonra bəzi boksçular istirahət edirdilər. Artıq onlar da təlim-məşq toplanışında iştirak edirlər. Bu il böyüklər arasında dünya və Avropa çempionatları yoxdur. Yaxın vaxtlarda onları da komandamızda olacaqlar”.
Qeyd edək ki, sabah Quba Olimpiya Kompleksində keçiriləcək “Baku Fires” – “Astana Arlans” matçı saat 19:00-da başlanacaq.
Komandaların heyətləri:
Baku Fires – “Astana Arlans”
52 kq. Elvin Məmişzadə – İlyas Süleymanov
60 kq. Albert Səlimov – Samat Başenov
69 kq. Yevgeni Romaşkeviç – Meirim Nursultanov
81kq. Samir Məhəmmədov – Ehsan Rouzbahani
+91 kq. Hacı Murtuzəliyev – Ruslan Mırsatayev.