Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə bəyanat yayıb.
İdarədən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, 20 Yanvar Azərbaycanı müstəqilliyə, hürriyyətə, milli-mənəvi dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi: “Həmin gün silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalq diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi”.
Bəyanatda xatırladılır ki, QMİ qanlı hadisələrin ilk günündən vəziyyətə nəzarət edən və əhalinin yeganə ümid yeri olan mərkəzə çevrilib, çoxmilyonlu insan axınının, ölüm-qalım problemlərinin önündə durub: “İdarə 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırılmasına, törədilən əməlin bəşəriyyətə qarşı amansız cinayət kimi qiymətləndirilməsinə çalışdı. Şeyxülislam Allahşükür Paşazadənin SSRİ prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibət bildirildi”.
QMİ təəssüflə qeyd edir ki, bu faciə beynəlxalq aləmdə mövcud olan ikili yanaşmalar səbəbindən tam hüquqi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar: “Lakin əminik ki, onlar Allahın və Tarixin mühakiməsindən qaça bilməyəcəklər. Ona görə də 20 Yanvar tarixi - şəhidlərimizi qürurla anmaq, xalqımızda, xüsusilə gənclərimizdə qəhrəmanlıq və vətənpərvərlik ruhunu tərbiyə etmək gününə çevrilib”.
Bəyanatın sonunda qeyd olunur ki, 20 Yanvar günü bütün məscidlərdə və dini məclislərdə şəhidlərin şəninə xütbələr deyiləcək, onların əziz ruhlarına Quran oxunacaq, dualar ediləcək, gənclərə Vətən, Haqq, Ədalət uğrunda, Qarabağ uğrunda haqq mübarizəmizdə qəhrəmanlıq ruhu təbliğ ediləcək. QMİ 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü, milli müstəqilliyimiz və Qarabağ uğrunda canlarını fəda etmiş bütün şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir və dəyanət arzulayır.