“Bu gün Həmkarlar İttifaqları Konfederasiyasında bu qurumun sədri Səttar Mehbalıyevlə yenə görüşdük.
Səttar Mehbalıyev Zaur Həsənovun xaricdə müalicəsinə, intiharına səbəb olan problemlərin aradan qaldırılmasına kömək edəcəyinə söz verdi. Bu barədə Səttar Mehbalıyevlə ortaq razılaşmamız oldu”.
Bunu APA-ya açıqlamasında "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədov söyləyib.
Görüşdə F.Məmmədovla yanaşı, Zaur Həsənovun atası Həsən Həsənov, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədov, Qarabağ Əlillərinə Dəstək İctimai Birliyinin sədri Rizvan Vəliyev və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da iştirak ediblər.
F.Məmmədov artıq məsələnin prezident İlham Əliyevin şəxsi nəzarətində olduğunu da qeyd edib: “Bu gün xəstəxanada Zaur Həsənova baş çəkən deputatlar Siyavuş Novruzov, Mübariz Qurbanlı dedilər ki, prezidentin məsələdən xəbəri var, onun adından gəlmişik. Bizim məqsədimiz prezidentlə görüşüb, problemlərimizi çatdırmaqdır. Bu, təkcə Qarabağ əlili Zaur Həsənovun deyil, ümumiyyətlə, Qarabağ əlillərinin məsələsidir”.
Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Z.Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.