Şabran rayon sakini Zülfiyyə Qəmbərova Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edərək, mayın 8-nə keçən gecə Çarxı kəndi ərazisində sərnişini olduğu avtomobildə digər sərnişinin ona məxsus 1517 manat pulu götürdüyünü və bir qədər getdikdən sonra onu avtomobildən düşürdüyünü bildirib.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Rəhim-oba kənd sakini Cavid Seyidov olduğu müəyyən edilib. O saxlanılaraq RPŞ-yə gətirilib və bu əməli törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.