Qaçaqmalçılıqda təqsirləndirilən ər və arvada hökm oxundu
31 oktyabr 2019 14:21 (UTC +04:00)

Qaçaqmalçılıqda təqsirləndirilən ər və arvada hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Nurlan Nəsibov və Layə Yaqubovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
 
Qeyd edək ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər ƏliyevBeynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və "Yaşıl Kanal"a doğru hərəkət edib. L. Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq "Qırmızı Kanal"a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan N. Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib. Gömrük əməkdaşlarının diqqətinin N.Nəsibova yönəldiyini görən L. Yaqubova "Qırmızı Kanal"a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən L. Yaqubovanın havalimanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən 18 ədəd müxtəlif markalı mobil telefonlar aşkarlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578
avatar

Oxşar yazılar