Prezident İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park–kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev prezidentə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib. Parkın girişində möhtəşəm “Zəfər Tağı”ı ucaldılıb. Hazırda parkda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir. Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı Mərkəzin açılışı münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev son 10 ildə 12 dəfə Gəncədə olduğunu qeyd edərək, Azərbaycanın digər bölgələri kimi, Gəncənin də abadlaşdığını, daha da gözəlləşdiyini bildirib.
Gəncə ictimaiyyətinin nümayəndələri şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına həmyerlilərinin ən xoş arzularını çatdırıblar.
Sonra xatirə şəkli çəkdirildi.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin həyətində ağac əkib.
Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısına Olimpiya Parkının eskiz layihəsi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcək.
Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoyub.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak edib.
Sonra dövlət başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gəlib. Prezident İlham Əliyev əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, zəruri avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıb.
Daha sonra prezident İlham Əliyev Nizami Gəncəvi Muzeyinin “DET AL” Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışı mərasimlərində də iştirak edib.
Dövlət başçısı İlham Əliyev Gəncə Qala qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış olub və Gəncə dairəvi avtomobil yolunun açılışda iştirak edib.
Dövlət başçısı Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti və həmçinin, Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri ilə tanış olub.
Prezident İlham Əliyev daha sonra “VEGO” otelinə gəlib. Otellə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. Təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.