"Bu məsələ gündəmdən çıxarılmasa, mən bir neçə millət vəkili ilə məsləhətləşib məhkəməyə müraciət edəcəyəm".
Lent.az-ın APA TV-yə istinadən xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa Milli Məclisə smartfon tipli telefonla girişə məhdudiyyət qoyulmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu konsitutsiya, milli məclisin daxili nizamnaməsinə və "Deputatın statusu haqqında" qanuna ziddir: "Bunun hər hansı bir şəkildə əsaslandırılması yoxdur. Müasir texnologiyadan millət vəkilinin istifadə etməsi, parlamentdə olduğu müddətdə seçici ilə əlaqə saxlamasının əngəllənməsi artıq Azərbaycanda qanunvericilik fəaliyyətinin məhdudlaşdırılması mənasına gələ bilər".
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu isə yeni tətbiq olunan qaydanın qadağa deyil, təhlükəsizliklə bağlı məsələ olduğunu deyir. Onun sözlərinə görə, yeni qayda heç bir qanuna zidd deyil və deputatın səlahiyyətlərini məhdudlaşdırmır. Mətbuta katibi yeni qaydanın Milli Məclis binasına daxil olacaq hər kəsə tətbiq ediləcəyini də deyib: "Burada əgər söhbət təhlükəsizlikdən gedirsə hansı sənətdən, hansı vəzifədən söhbət gedə bilər? O, ki qaldı deyirsiz ki , əmlak məsələsi - burada əmlakın nə müsadirəsindən, nədə birdəfəlik alınmasından gedir. Sadəcə olaraq dediyimiz tipli telefonların müvəqqəti olaraq binaya daxil olarkən saxlanılmasından və gedərkən ona təhvil veriləcəyindən gedir. Burada sensasiya doğurası bir şey yoxdur".
Təvəkküloğlu deyib ki, bu qayda Milli Məclisə gələcək nazirlərə və digər dövlət rəsmilərinə də tətbiq olunacaq.