Daxili İşlər Nazirliyi ölkədə törədilmiş qətllərlə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 12-də Xətai rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Emin Sadıqov evində münaqişə zəminində əvvəllər məhkum olunmuş atası Salehə və anası Yasəmənə bıçaqla xəsarət yetirib. Nəticədə Saleh ölüb, Yasəmən isə xəstəxanaya yerləşdirilib. Xətai RPİ 36-cı PB əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Sadıqov tutulub.
Bundan başqa keçən ay Bakıda törədilmiş qətlin üstü açılıb. Belə ki, fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun üzərində baş nahiyəsinə küt alətlə xəsarət yetirilməyə xarakterik olan meyidi Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Daha bir qətl isə Martın 11-də Goranboy rayonunun Qaraçinar kəndində baş verib. Kəlbəcər rayon sakini Natiq Qafarov evində münaqişə zəminində qonşusu Mübariz Məmmədovu küt alətlə qətlə yetirib. N.Qafarov könüllü Xocalı RPŞ-yə gələrək istintaqa təslim olub. Onun sərxoş halda olması müəyyən edilib.