“Ötən il 2012-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3,7 faiz artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb”. Lent.az-ın məlumatına görə, bunu Müdafiə Sənayesi Nazirliyində keçirilən kollegiya iclasında nazir Yavər Camalov bildirib.
Nazir vurğulayıb ki, 2013-cü ilin nəticələrinə görə istehsal olunaraq sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi artıb: “2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 mm-lik döyüş minasının və digər məmulatların yaradılması işləri tam başa çatdırılıb, seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Eləcə də, BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılmış və sifariş olunan sayda təkmilləşdirilərək respublikanın güc qurumlarına təhvil verilib. Aviasiya bombalarının nümunələri hazırlanıb, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır”.
Y. Camalovun sözlərinə görə, “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb: “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib. 2007-ci illə müqayisədə 2013-cü ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 26 dəfə, mərhələlərin icrası isə 14 dəfə artıb”.