“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli komandanın futbolçu transferləri ilə bağlı mövqeyini açıqlayıb. Lent.az-ın məlumatına görə, türkiyəli mütəxəssis indiyədək çalışdığı klublardan heç birində transfer məsələlərinə qarışmadığını bildirib.
Dənizli deyib ki, bu məsələ başqa şəxslərin səlahiyyətindədir: “Bütün bunları dəyərləndirmə şansı var. Yəni, bu təkliflər verildiyi vaxt heyətin strukturu göz önündə olur, sənin bildiyin bir heyət formalaşır. Burada nələrin ola biləcəyini, davam edəcəyin marafonda kimlərlə yürüyə biləcəyini müəyyənləşdirə bilərsən. Mən transfer etmirəm, sadəcə, düşündüklərimi paylaşıram. Mən heç bir futbolçu, heç bir menecerlə bu məsələni müzakirə etməmişəm və etmərəm də. Bu, rəhbərliyin işidir”.
Təcrübəli baş məşqçinin sözlərinə görə, o, heyəti formalaşdırarkən, bütün mümkün variantları və meyarları göz önünə gətirir: “Komandanın gücləndirilməsinin gərəkliliyini rəhbərliyə bildirirəm və “Bu futbolçu üçün mənim təklif etdiyim maddi dəyər budur, bu məbləğdən artıq xərcləməyin. Əksinə, mümkünsə, daha aşağı və klubun mənfəətinə uyğun məbləğə futbolçu keçidini həll etsəniz, sevinərəm”.
Qeyd edək ki, hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” hələlik heyətinə 2 futbolçu qatıb. Bunlar “Neftçi”nin müdafiəçisi Slavik Alxasovla “Sumqayıt”ın hücumçusu Orxan Əliyevdir.