Şirkət rəhbərini MTN-in əlindən qurtaracağı adı ilə pul alaraq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Namiq Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə mayın 31-də davam edəcək.
Qeyd edək ki, Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib. Arif Həsənov indi “MTN işi”ndə də zərəçəkmişdir.
Məlum olub ki, Akif Çovdarov və adamları onu müflis edərkən, Namiq Quliyev onu bu vəziyyətdən qurtarmağa söz verib. Buna görə Arif Həsənovdan 87 min dollar alıb.
Lakin o verdiyi vədə əməl etməyib.
Onu da qeyd edək ki, Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır.