APA-nın “Life News”-a istinadən verdiyi xəbərə görə, videogörüntüdə Mais Qurbanovun Moskvanın Novokosino rayonunda yaşadığı binanın giriş qapısına yaxınlaşdığı əks olunub. Bu zaman arxa planda sürətlə yeriyən slavyan görünüşlü qadın tapançadan atəş açaraq, dərhal hadisə yerini tərk edir.
Güllə yarası almış və nə baş verdiyini anlamayan Mais Qurbanov atəş açılandan dərhal sonra arxaya dönüb cinayətkara baxır və həmin an əks istiqamətə qaçır.
Qurbanovun hadisədən sonra verdiyi açıqlamaya əsasən, ona hücum edən şəxslər heç bir söz demədən və hər hansı bir şüar səsləmədən atəş açaraq sakitcə hadisə yerini tərk ediblər.
Mais Qurbanov isə özünü yaxınlıqdakı kafeyə çatdıraraq “təcili yardım”ın çağırılmasını xahiş edib.
Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Mais Qurbanov ona qarşı törədilən sui-qəsdin ictimai fəaliyyəti ilə bağlı olduğunu istisna etmir.
“Biz mütəmadi olaraq telefon vasitəsilə təhdidlərə məruz qalırıq, lakin konkret olaraq mənim ünvanıma heç bir məlumat daxil olmamışdı. İki il əvvəl mənim oğlum hücuma məruz qalmışdı, lakin o zaman polis cinayət işi açmaqdan imtina etmişdi”, deyə Mais Qurbanov əlavə edib.
****
21.30
Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən biri olan azərbaycanlı Mais Qurbanova bu gecə atəş açılıb. Ans press Rusiya mətbuatına istinadən bildirir ki, hadisə noyabrın 12-də onun Moskvada onun yaşadığı Novokosino rayonunda yerli vaxtla saat 01:30-da baş verib.
Moskva polisinin verdiyi məlumata görə, naməlum adam məlum olmayan travmatik silahla onun kürək nahiyəsinə atəş açıb. Hazırda hadisə ilə bağlı cinayət işi açılıb. Rusiya Miqrantlar Federasiyasının başçısı Məhəmməd Əmin atəş açanların dörd nəfər gənc olduğunu bildirib. Mais Qurbanov özü də polisə ifadə verib və ona güllə atanları təsvir edib. Onun sözlərinə görə, atəş açan qız olub.
Mais Qurbanov hazırda xəstəxanaya yerləşdirilib, onun vəziyyəti orta ağır dəyərləndirilir, amma aldığı yara üzündən xeyli qan itirib. Millətçilik əleyhinə çıxışları ilə tanınan Qurbanov internet vasitəsi ilə radikal rus millətçilərindən indiyə kimi çox təhdid alırdı.