Bakı metrosunda dələduzluq etmiş 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 14-də metronun «Memar Əcəmi» stansiyasında naməlum şəxs Bakı şəhər sakini Tale Səmədovun etibarından sui istifadə edərək mobil telefonunu danışmaq adı ilə alıb qaytarmayıb. Metropolitendə PŞ CAQ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Naməddin Cabbarlı və Tərtər rayon sakini Araz İbrahimli tutulublar.
Bundan başqa yanvarın 20-də metronun «Ulduz» stansiyasında Bakı şəhər sakini Rəhman Hacıyev və digər şəxs Füzuli rayon sakini Baloğlan Abdullayevin mobil telefonunu zorla əlindən alıb qaçan zaman R.Hacıyev orada xidmətdə olan Metropolitendə PŞ-nin əməkdaşları tərəfindən tutulub. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Elvin Alıyev də polis əməkdaşları tərəfindən yaxalanıb.