Nərimanov rayonunda 1939-ci il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanındakı dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsib və içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Maya Məmməd qızı Rəsulovanın vəfat etdiyi müəyyən edilib.