Rusiya Miqrantları Federasiyasının vitse-prezidenti Mais Qurbanova hücum etməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb. Lent.az-ın paytaxt polisinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Tambov vilayətinin Morşansk sakini olan 24 yaşlı qadındır.
Ona qarşı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxs Moskvadan kənara çıxmamaq haqqında iltizamdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, noyabrın 12-də Mais Qurbanov yaşadığı binanın girişində güllələnib. Ona gənc insanlar arasından bir qız atəş açıb. Ardından həmin dəstə hadisə yerindən qaçaraq uzaqlaşıb. Qurbanov isə yaxınlıqdakı kafeyə gedərək, təcili yardım çağırılmasını xahiş edib. Hazırda xəstəxanada olan həmyerlimiz əməliyyatdan sonra özünə gəlir. O, açıqlamasında 2 il əvvəl oğluna da hücum edildiyini, amma cinayət işinin qaldırılmasından imtina olunduğunu deyib.