Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 10-da saat 18.00 radələrində rayonun Qəriblər kəndi ərazisində yerləşən 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Həşimova məxsus “Turan” istirahət mərkəzində qeydə alınıb. Yanğının söndürülməsindən ötrü hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri nəticəsində yanğın lokallaşdırılmaqla onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, istirahət mərkəzinin ərazisindəki ümumi sahəsi 30 kv.m olan tikili içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Faktla bağlı araşdırma aparılır.