Oktyabrın 5-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəranda dəniz sahilində 1 ədəd tank əleyhinə minanın olması barədə məlumatlar daxil olub. ANAMA-dan Lent.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə yerləşən 10 saylı yanalma məntəqəsinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilib, daşınması mümkün olduğuna görə götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş tank əleyhinə minanın ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.