Lənkəranda cinayətkar dəstə zərərsizləşdirilib - YENİLƏNİB
27 dekabr 2013 10:14 (UTC +04:00)

Lənkəranda cinayətkar dəstə zərərsizləşdirilib - YENİLƏNİB

Lənkəranda oğurluqla məşğul olan dəstə ifşa olunub.

 

Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Toğrul Hüseynov verib. Onun sözlərinə görə,  naməlum şəxs və ya şəxslər şəhərdəki 1 saylı Notariat Kontorunda pəncərədən girmək yolu ilə 2660 manat pul oğurlayıb.  Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Lənkəran rayonunun Göyşaban kənd  sakinləri, 23 yaşlı Rəşad Rahat oğlu Bağırov, İqbal İlqar oğlu Kərimov, Lənkəran şəhər sakinləri, 23 yaşlı Əli Həsən oğlu Ramazanov, Şəhriyar Həsən oğlu Həsənzadə tərəfindən törədildiyi məlum olub. Həmin şəxslər isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

 

İlkin araşdırmalar zamanı saxlanılan şəxslərin qabaqcadan əlbir olaraq şəhərin Ləvəngi dairəsində yerləşən sahibkar Əziz Babayevə məxsus avtomobillərin təmiri sexindən içərisində 5700 manat olan seyfi, Göyşaban kəndində Cəlal Azadova məxsus stomatoloji kabinetdən “Samsung” markalı televizoru oğurladıqları, həmçinin Dövlət Reyestr Xidmətinin Lənkəran ərazi idarəsindən və 2 saylı poçt məntəqəsindən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Avtomobil təmiri sexindən, eləcə də digər obyektlərdən oğurlanan dəmir seyflər aşkar olunaraq maddi sübut qismində götürülüb.

 

Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4  maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1442
avatar

Oxşar yazılar