Lənkəranda minik avtomobili su kanalına düşüb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 26-da saat 17.30 radələrində rayonun Balıqçılar qəsəbəsi ərazisində qeydə alınıb. Rayonun Nərimanabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü İlqar Əziz oğlu Quliyevin idarə etdiyi “VAZ-2106” markalı, 42 BB 447 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinn Cənub Regional Mərkəzinə məlumat daxil olan kimi qurumun xilasediciləri dərhal qəza yerinə özünü çatdıraraq avtomobilin sürücüsünün həyatını xilas edə biliblər.
İlkin versiya kimi qəzanın avtomobilin sürət həddinin baş verməsi səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə həyata keçirilmiş avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.