Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə axşam saatlarında Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Bığır kənd sakini Həsənov Feruz Valeh oğlunun idarə etdiyi "VAZ 2107" markalı maşın qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan Gədəbəy rayon sakini, Məmmədov Asif Mehdi oğluna məxsus "KamAZ" markalı yük maşınının arxa tərəfinə çırpılıb. Hadisə nəticəsində “VAZ 2107” markalı maşının sürücüsü Feruz Həsənov və sərnişini Qurbanov Əzim Hümbət oğlu dünyalarını dəyişiblər. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, ölən Əzim Qurbanov “Azəriqaz” İstehsalat Birliyinin Göyçay rayon Qaz İstismar İdarəsinin təbii qazın qəbulu və satışı şöbəsinin rəisi, Feruz Həsənov isə həmin idarənin mühəndisi vəzifəsində çalışıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Kürdəmirdə ağır yol qəzası - İKİ VƏZİFƏLİ ŞƏXS DÜNYASINI DƏYİŞDİ!
3674