Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan ölkəmizə gələn İran vətəndaşı Qadir Salamatı gömrük nəzarətindən keçərkən ona məxsus çantadan gömrük nəzarətinə bəyan olunmayan, üzərində “Zam Zam” sözləri yazılmış bir ədəd plastik qabda 190 ml həcmində metadon məhlulu aşkar edilərək götürülüb. Metadon məhlulu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 190 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,19 qram təşkil edir.
Eyni ərazidə İrandan gələn Azərbaycan vətəndaşı Asif Hüseynovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə ümumi xalis çəkisi 51,311 qram olan heroin, bir ədəd bükümdə isə xalis çəkisi 0,646 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.