Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, biznesmen İqbal Mahmudovun qətli ilə bağlı məhkəmə prosesi uzun müddətdir ki, keçirilmir.
Bu barədə APA-ya məlumat verən mərhumun qohumu Taisiya Mahmudova bildirib ki, buna səbəb kimi təqsirləndirilən Zahid Əhmədovun və onun vəkillərinin xəstələnməsi göstərilir: “Biz Ukraynanın hüquq-mühafizə orqanlarına və digər qurumlarına müraciət etmişik, onlar da deyiblər ki, Zahid Əhmədov yüksək təzyiqə görə 8 məhkəmə iclasını buraxmalı olub. Sonra da vəkillər bir-bir xəstələnirdilər, indi də tərcüməçi bildirir ki, iclaslarda iştirak etmək istəmir. Bununla da prosesdə durğunluq yaranıb. Düşünürdük ki, bu həftə məhkəmə iclası baş tutacaq, amma alınmadı. Bilmirəm nə üçün belə edilir”.
T. Mahmudova əlavə edib ki, məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə də müraciət edib, lakin diplomatik nümayəndəlikdən cavab gəlməyib.
Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürülməsində 4 nəfər - Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Onlar hamısı hazırda həbsdədir.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) və 263-cü (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) maddələri üzrə cinayət işi başlanıb.