Qusar rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Yeni Düztahircal kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Finaddin Ağabəyov naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Yoldan keçən şəxslər xəsarət almış piyadanı Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar, o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, maşınla vurulduqdan sonra Finaddin Ağabəyov yarım saata yaxın yolun kənarında köməksiz vəziyyətdə qalıb. Yaralının qohumları isə onu vuran şəxsin tapılmasını və qanun qarşısında cavab verməsini istəyir. İki uşaq atası olan Finaddin Ağabəyov işdən çıxıb evə gedirmiş.
Hadisəni törədən şəxsin müəyyənləşdirilməsi üçün Qusar rayon Polis Şöbəsində araşdırmalar aparılır.