Gəncədə hava şəraitinin dəyişməsi səhhətində problem olanlara pis təsir edib.
Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Ziyafət Məmmədovanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, ötən gün stansiyaya 297 çağırış daxil olub ki, bu da adi günlərdəkindən təxminən 100 çağırış çoxdur. Məlumata görə, hava şəraitinin dəyişməsi dünən və bu gün Gəncədə 9 nəfərin ölümünə səbəb olub. Stansiyadan bildiriblər ki, ölənlər əsasən ürək damar, şəkərli diabet və insult xəstəliklərindən əziyyət çəkənlər olub.
Məlumata görə, Gəncədə yuxarı tənəffüs yollarının xəstəlikləri ilə bağlı şikayətlərin sayı da artıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, daxil olan 297 çağırışın əksəriyyəti qrip virusundan əziyyət çəkənlərə yardım edilməsinin payına düşüb.