Hazırda Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan, barəsində 3 il azadlıqdan məhrum etmə cəzası verilən sabiq deputat Gülər Əhmədova barəsində "Yeni Müsavat" qəzeti maraqlı məlumat yayıb. Lent.az-ın “Yeni Müsavata” istinadən verdiyi məlumata görə, sabiq deputat deputat dostlarından birinin köməyi ilə aradabir azadlığa çıxır.
Qəzet yazıb ki, deputatlardan birinin köməyi ilə onun bir neçə saatlığa da olsa, bayıra çıxmasına şərait yaradır. Həmin deputat türmə rəhbərliyindən xüsusi icazə alaraq G. Əhmədovanı bir neçə saatlığına şəhər turuna çıxarır. Həmin müddətdə sabiq deputatı gəzintiyə, restorana aparan dostu bununla da onun ağır əhvalını düzəltməyə çalışır.
Məlumatda həmçinin bildirilir ki, bu “səfərlər” əsasən gecə saatlarında baş tutur. Belə ki, məhkumlar yatandan sonra G. Əhmədova həkimin yanına getmək adı ilə kamerasından çıxarılır və türmənin qapısı ağzında olan deputat dostunun maşınına mindirilir. Sabiq deputat səfərdən səhər saatlarında geri qayıdır. Həmin saatlarda G. Əhmədova şəhərdə ən çox sevdiyi yerlərə baş çəkir, lüks restoranlara aparılır və bir qədər əhvalı düzəlir. Mənbəmiz qeyd edir ki, şəhərə çıxarkən deputat ilk baxışdan tanınmaması üçün mümkün olan hər şeyi edir. Türmədəki çox dar çevrə bu səfərlərdən xəbər tutur.
Məsələ ilə bağlı Pentinsiar Xidməti ilə əlaqə saxladıq. Qurumdan Lent.az-a bildirdilər ki, bu, şayiədən başqa bir şey deyil: “Qətiyyən belə bir şey ola bilməz. Qəzetdə yazılanlar həqiqəti əks etdirmir”.