Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.
G.Əhmədovanın vəkili Raqif Mustafayevin APA-ya verdiyi məlumata görə, şikayət Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib. Yaxın vaxtlarda şikayətə baxılacaq.
Xatırladaq ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsində istintaq orqanının sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi təqdimata baxılıb. Məhkəmə istintaq orqanının vəsatətini təmin edərək, G.Əhmədova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.