Narı tumu ilə yemək olarmı? Qastroenteroloq suala aydınlıq gətirdi
Nar sevənlərin bir qismi dənələrin içindəki tumları çıxarır, digərləri isə onları birlikdə yeyir. Bəs hansı üsul daha uyğundur?
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qastroenteroloq Natalya Kovalyova Instagram hesabında narın faydaları və istifadəsi ilə bağlı fikirlərini bölüşüb.
Narın tumunda nə var?
Həkimin sözlərinə görə, əksər insanlar nar dənələrini tumu ilə birlikdə yeyə bilərlər. Tumların tərkibində lif, nişasta və digər mürəkkəb karbohidratlar var.
Lif bağırsaqların normal fəaliyyətini və müntəzəm boşalmasını dəstəkləyir. Bununla belə, narın tumunu yemək məcburi deyil və onun “orqanizmi toksinlərdən təmizlədiyini” söyləmək düzgün olmaz.
Kimlər ehtiyatlı olmalıdır?
Kovalyova mədə eroziyası və ya xorası olan şəxslərə narın tumlarını yeməməyi tövsiyə edib. Lakin bu məsləhəti hər kəsə aid qəti qadağa kimi qəbul etmək olmaz. Həzm sistemi xəstəliyi olan şəxslər qidalanmalarını vəziyyətlərinə və həkim tövsiyəsinə uyğun tənzimləməlidirlər.
Nar yedikdən sonra ağrı və ya həzm narahatlığı yaranırsa, bunu nəzərə almaq və həkimlə məsləhətləşmək lazımdır.