Beş pişik bir adanı  ələ keçirdi   - Görün nələr  baş verdi
16 oktyabr 2026 15:45 (UTC +04:00)

Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi

0

1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, təxminən 290 kvadratkilometr ərazisi olan Marion adası dəniz quşlarının mühüm yuvalama məkanlarından biridir. Yerli quşlar uzun müddət quru yırtıcıları olmadan yaşadıqları üçün pişiklərə qarşı müdafiəsiz qalıblar.

Bol və asan ov tapan pişiklər vəhşiləşərək sürətlə çoxalıblar. 1970-ci illərdə onların sayı minlərlə olub. Tədqiqatçıların hesablamalarına görə, pişiklər ildə təxminən 450 min dəniz quşunu öldürüblər.

Problemi aradan qaldırmaq illər çəkib

1977-ci ildə pişiklərin sayını azaltmaq üçün onların arasında panleykopeniya virusu yayılıb. Bu üsul heyvanların sayını əhəmiyyətli dərəcədə azaltsa da, problemi tam həll etməyib.

Sonrakı illərdə ov və tələlər də daxil olmaqla müxtəlif üsullar tətbiq olunub. Mənbənin məlumatına görə, sonuncu pişik 1991-ci ilin iyulunda tutulub.

Pişiklər aradan qaldırıldıqdan sonra bəzi quş növlərinin sayı tədricən artmağa başlayıb. Lakin adanın ekosistemi tam bərpa olunmayıb.

Bu dəfə təhlükə siçanlardan gəlib

Vaxtilə pişiklərin gətirilməsinə səbəb olan siçanlar adada qalaraq çoxalmağa davam ediblər. Gəmiricilər quşların yumurta və balalarına zərər verməyə başlayıblar. Nəticədə adadakı quşları qorumaq üçün bu dəfə siçanlarla genişmiqyaslı mübarizəyə ehtiyac yaranıb.

Marion adasının tarixçəsi təbiətə gətirilən yad növün gözlənilməz və uzunmüddətli fəsadlar yarada biləcəyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar